Türk dünyasının ortaq dəyərlərini tanıtmağı hədəfləyən “Etnosport Mədəniyyət Festivalı”nda Azərbaycan da təmsil olunur.
Festival 21–24 may tarixlərində “Dünya Burada” şüarı ilə Atatürk Hava Limanında keçirilir.
Festival çərçivəsində ənənəvi idman növləri, atçılıq oyunları, oxçuluq, güləş, səhnə nümayişləri, əl sənətləri və etnik musiqi proqramları təqdim olunur.
Müxtəlif ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan da açılış mərasimində rəsmi səviyyədə iştirak edib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı festivalda milli rəqslərimizi nümayiş etdirib.
Həmçinin, Azərbaycanın mədəniyyət nümayəndələri də ölkəmizin zəngin mədəni müxtəlifliyini təqdim ediblər.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı və qonağın qatıldığı festivalda Azərbaycan xüsusilə qədim atçılıq ənənələri, milli oyunları və zəngin folkloru ilə böyük maraq doğurub.




