Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib

“28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü” və “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə Ankarada Prezident Administrasiyasının Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyi, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Hərbi Attaşelik və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, rəsmi qurumların nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, qardaş ölkənin Silahlı Qüvvələrinin təmsilçiləri, xarici missiya rəhbərləri, hərbi rəsmilər, diaspora nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, elm və mədəniyyət ictimaiyyətinin üzvləri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri dr. Rəşad Məmmədov bildirib ki, 28 May – Müstəqillik Günü və 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur.

Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı sıradan dostluq münasibəti deyil, ortaq tarix, ortaq yaddaş, ortaq ağrılar və zəfərlər üzərində qurulmuş sarsılmaz qardaşlıq nümunəsidir. Çanaqqalada çiyin-çiyinə şəhid olanların və Bakının azadlığı uğrunda Anadoludan Qafqaza yürüyən qəhrəmanların mirasının bu gün də yaşadıldığını vurğulayan Rəşad Məmmədov “Bir millət, iki dövlət” anlayışının mənəvi bağlarla yanaşı siyasi, iqtisadi və strateji əməkdaşlıqla daha da gücləndiyini deyib.

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verdiyini bildirən səfir, “Güclü Azərbaycan güclü Türkiyə deməkdir, güclü Türkiyə isə güclü Azərbaycan deməkdir” ifadələrini işlədib.

Səfir Rəşad Məmmədov həmçinin vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə yanaşı, bütün türk dünyasının daha güclü və təsirli gələcəyə sahib olması ortaq məqsəddir. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” fikrini xatırladaraq türk dövlətləri arasında həmrəyliyin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli dəstəyin qardaşlıq münasibətlərinin ən bariz nümunəsi olduğunu deyən səfir, Azərbaycanın bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü dövlət kimi inkişaf yolunu davam etdirdiyini bildirib.

Tədbirdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə Türkiyə-Azərbaycan münasibətlərinin ortaq tarix, mədəniyyət və qardaşlıq bağları əsasında gündən-günə möhkəmləndiyini vurğulayıb.

Nazir bildirib ki, nəqliyyat, enerji, ticarət və müdafiə sənayesi başda olmaqla bir çox sahədə əməkdaşlıq uğurla inkişaf edir. O, dövlət başçılarının müəyyən etdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatılacağına inandığını qeyd edib. Uraloğlu Orta Dəhliz və TRIPP kimi bağlantı layihələrinin regional rifah, sabitlik və iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını söyləyib.

Nazir əlavə edib ki, Türkiyə və Azərbaycan beynəlxalq platformalarda da ortaq mövqe nümayiş etdirir, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan əməkdaşlıq ortaq gələcəyin əsas təminatlarından biridir. Bölgədə həyata keçirilən sülh və normallaşma proseslərinin geniş coğrafiyada sabitlik və rifaha töhfə verəcəyini deyən Uraloğlu, Türkiyə və Azərbaycanın bu prosesin aparıcı aktorları olaraq qalacağını bildirib.

Proqram “NATİG Ritm Qrupu”nun çıxışı ilə davam edib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ