Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün Bakıda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Yay məktəbi – Bakı” proqramı təşkil edilib.
“Yay məktəbi – Bakı” proqramı Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Gazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında Azərbaycan türkcəsi dərsləri alan tələbələr üçün təşkil olunub.
Proqram Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilib.
Proqram çərçivəsində iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi və Tədris Ocağının müəllimi Dr. Şəhla İbişova iştirakçılara Heydər Əliyevin həyatı, Azərbaycanın müstəqilliyi yolunda müstəsna xidmətləri, türk dünyasına yönəlik siyasəti və Azərbaycan dövlətinin formalaşmasındakı rolu haqqında məlumat verib.
Proqram çərçivəsində tələbələr Xəzər Universitetində keçirilən “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransda da iştirak ediblər.
İştirakçılar daha sonra Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi guşəni ziyarət ediblər.




