Türkiyədə “Azərbaycan Kino Günləri”nin açılış mərasimi keçirilib

 “Azərbaycan Kino Günləri”nin açılış mərasimi Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində baş tutub. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kino Agentliyi və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil edilib.  

Layihə çərçivəsində Türkiyənin İzmir və Bursa şəhərlərində yeni Azərbaycan filmləri tamaşaçılara təqdim olunacaq.  Tədbirlərin təşkilatçılığına İzmir Azərbaycan Dərnəyi də dəstək göstərir.

Açılış mərasimində çıxış edən Türkiyə Turan Film Festivalının Baş koordinatoru, Ege Universitetinin prorektoru professor Mehmet Ersan Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O bildirib ki, Türk dünyasında nüfuzlu film festivallarından biri olan Turan Film Festivalı çərçivəsində keçirilən “Azərbaycan Kino Günləri”nin əsas məqsədi qardaş Azərbaycanda çəkilən yeni filmləri Türkiyədə və Türk dünyasında tanıtmaqdır.

Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri, doktor Rəşad Məmmədov isə çıxışında Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin ən güclü bağlarından birinin siyasi və iqtisadi sahələrlə yanaşı, mədəniyyət və incəsənət sahəsi olduğunu vurğulayıb.

Səfir qeyd edib ki, mədəniyyətimizin tanıdılması və filmlərimizin nümayişi ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə imkan yaradır.

Azərbaycan Kino Agentliyinin baş direktor müavini Rüfət Qarayev də çıxışında “Azərbaycan Kino Günləri” və “Nargin: Sonadək Sirli” filmi haqqında danışıb.

Açılış mərasimində “Nargin: Sonadək Sirli” filmi tamaşaçılara təqdim olunub.

Filmin ssenarisi Bakı yaxınlığında, Xəzər dənizində yerləşən Nargin adasında saxlanılan türk əsirlərinin ağır həyatından və Azərbaycan xalqının bu əsirlərə göstərdiyi qardaş köməyi, mərhəmət və insani dəyərlərdən bəhs edir.

Film Azərbaycan türklərinin çətin tarixi şəraitdə belə türk qardaşlarına yardım etmək üçün göstərdikləri fədakarlığı vurğulayır və dostluqla qardaşlıq dəyərlərinin ən ağır sınaqlardan belə daha güclü çıxdığını nümayiş etdirir.

Film tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Azərbaycan Kino Günləri” tədbirləri Türkiyədə davam edir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ