Türkiyənin Bilkent Universiteti tərəfindən təşkil olunan “Beynəlxalq Mədəniyyət Günü” festivalında Azərbaycan mədəniyyəti geniş şəkildə təqdim olunub.
Festival çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan stend ziyarətçilərin böyük marağına səbəb olub.
Stenddə Azərbaycanın tarixi, mədəniyyəti və ölkənin inkişafı haqqında məlumatverici materiallar təqdim edilib. Bununla yanaşı, ənənəvi əl sənəti nümunələri, suvenirlər, milli musiqi alətləri, xalçalar, kəlağayılar və Azərbaycan nağıllarından ilhamlanan fiqurlar sərgilənib.
Universitet tələbələri və festival iştirakçıları Azərbaycan stendini ziyarət edərək ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Ziyarətçilərə milli dəyərlərimiz və adət-ənənələrimiz haqqında ətraflı məlumat verilib.
Festivalda Azərbaycanla yanaşı Çin, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan, Malayziya, İran, Əfqanıstan, Suriya və digər ölkələr daxil olmaqla 20-dən çox ölkə öz mədəniyyətlərini nümayiş etdirən stendlərlə iştirak edib.
Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin rəqs və folklor kollektivləri səhnə çıxışları ilə yadda qalıb. Bu çərçivədə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Rəqs Ansamblının təqdim etdiyi milli rəqs nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.




