“Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası Türkiyənin bir neçə şəhərində nümayiş etdiriləcək

Iğdır, Kars və Ardahan şəhərlərində “Bir Millət, İki Dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” adlı komediyasını səhnələşdirəcək.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Iğdırda yaradılan “Bir Millət, İki Dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirəcəyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə-nin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası olacaq.

Iğdır Mədəniyyət Mərkəzində, Kars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə salonunda və Ardahan Universitetində səhnəyə qoyulacaq tamaşanın quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar incəsənət xadimi, rejissor Tofiq Seyidovdur.

Əsər Azərbaycanın Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov tərəfindən Türkiyə türkcəsinə tərcümə olunub.
Ulu Öndər Heydər Əliyevin “Bir Millət – İki Dövlət” ideyasını yaşatmaq məqsədilə yaradılan, qardaşlıq və mədəni bağlarımızı qoruyan və təbliğ edən Azərbaycan-Türkiyə Gənclər Teatrı repertuarında Azərbaycan-Türk qardaşlığına, ortaq dəyərlərimizə, tariximizə və bu istiqamətdə Azərbaycanlı və türk müəlliflərin əsərlərinə yer verir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ