İstanbulda azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılılıb

 Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifqının dəstəyi ilə “Renklerin zerafeti” adlı sərgi təşkil edilib.

İstanbulun Bahçeşehir Universitetinin Konqres Mərkəzində təşkil edilən sərginin rəsmi açılış mərasimi baş tutub.

Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bahçeşehir Universitetinin rektoru, professor Esra Hatipoğlu, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim-tələbə heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Mərasimdə çıxış edən rektor Esra Hatipoğlu Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Bahçeşehir Universitetinin yeni binasında təşkil edilən ilk sərgi olmaq xüsusiyyətini daşıdığını qeyd edib.

Belə bir tədbirə ev sahibliyi etməkdən böyük bir məmnuniyyət hissi keçirdiklərini qeyd edən rektor sərginin məhz qadın rəssamlarının əsərlərindən ibarət olmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

O, Azərbaycan Mədəniyyət Mərkəzi ilə ortaq dəyərlərimizlə bağlı birgə  önəmli layihələr reallaşdırıldığını qeyd edib.

Nazir müavini Murad Hüseynov isə çıxışında dövlətimizin dəstəyi ilə Azərbaycan qadın rəssamlarımızın əsərlərinin dünyanın bir çox ölkələrində  nüfuzlu muzeylərində yer aldığını qeyd edərək, bu kimi layihələrin milli mədəniyyətimizin tanıdılması istiqamətində əhəmiyyətli olduğunu vurğulaylb.

Rəssamlıq sənətinin xalqımızın yaradıcı ruhunu əks etdirən xüsusi bir platforma olduğunu qeyd edən Azərbaycan Mədəniyyət Mərkəzinin  direktoru Samir Abbasov Azərbaycan təsviri sənətinin qədim və zəngin tarixə, ənənələrə  malik olduğunu vurğulayıb.

“Bu sənət əsrlər boyu xalqımızın həyat tərzini, dünya görüşünü, istedadını və ruhunu yaşadan mühüm dəyərlərdən biridir və bu ənənənin formalaşmasında Azərbaycan qadınlarının xüsusi rolu olub”,-deyə Samir Abbasov qeyd edib.

Səfirliyimizin müşaviri Füzuli Məcidli də çıxış edərək bu kimi tədbirləri ölkələrimiz arasındakı mədəniyyət diplomatiyasındakı birliyin təzahürü kimi qiymətləndirib.

O, deyib: “Azərbaycan ilə Türkiyə bu gün tarixin bütün dövrlərinin ən güclü birliyini nümayiş etdirirlər. Mədəniyyətimiz bizim birlik və bərabərliyimizin əbədiliyinin ən bariz təzahürüdür”.

Tədbirdə nümayiş olunan əsərlər barədə iştirakçılara geniş məlumat verən azərbaycanlı rəssam Nigar Helmi Abbasbəyli sərgidə iştirak edən sənətkarlar adından təşkikatçılara təşəkkürünü ifadə edib.

Sərginin Azərbaycan qadının gücü və zərafətini nümayiş etdirdiyini vurğulayan Nigar Helmi Abbasbəyli ölkəmizdə qadına böyük dəyər verildiyini və milli mirasımızın gələcəyə çatdırılması üçün xanımlarımızın üzərinə böyük vəzifə düşdüyünü deyib.

Sonra sərgiyə baxış keçirilib, qonaqlara Azərbaycan milli şirniyyatları təqdim edilib.

Sərgidə müasir Azərbaycan qadın rəssamları Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Yelena Allahverdiyeva, Leyla İsayeva, Milena Nəbiyeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Sayalı Məmmədova – Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raidə Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Cəmilə Həşimova, Elnarə Misirli, Məhsəti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lalə Abdullayeva, Leyla Əzimbəyova, Səbinə Tutayuk və Aygün Mustafayevanın Vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi, sevgi və digər mövzularda əsərləri nümayiş etdirilir. 

Azərbaycan rəssamlıq sənəti çox qədim və zəngin bir tarixə malikdir. Bu sənət əsrlər boyu xalqımızın həyat tərzini, dünyagörüşünü və estetik zövqünü əks etdirərək formalaşıb və inkişaf edib. Azərbaycan qadınlarının əsərlərində həm qədim mədəniyyətimizin izləri, həm də müasir dünyanın estetik axtarışlarını görmək mümkündür.

Qeyd edək ki, bu əsərlərin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, İzmir Azerbaycan Dərnəyi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı ilə İzmir və Antalya şəhərlərində sərgilənməsi, sonda isə Türkiyənin ən əhatəli mədəniyyət tədbirlərindən olan “Mədəniyyət yolu” (Kültür yolu) Festivalı çərçivəsində Ankaranın Rəsm və Heykəllər Muzeyində nümayiş olunması nəzərdə tutulur.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ