Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində Azərbaycan və Türkiyədə “Bir şəhər, iki baxış: Ziddiyyətlər və Uyum” adlı Beynəlxalq Tələbə foto müsabiqəsi elan edilib.
Müsabiqə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universitesinin Memarlıq fakültəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin birgə layihəsi çərçivəsində həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan ilə Türkiyə arasında mədəni və akademik əlaqələri gücləndirmək, tələbələri ortaq mədəni irsi, şəhər mədəniyyətini və memarlıq mühitini bədii baxımdan şərh etməyə təşviq etməkdir. Müsabiqə iştirakçıları şəhəri müşahidə etməyə, şəhərin dinamik quruluşunu “Ziddiyyətlər” və “Uyum” mövzuları vasitəsilə vizuallaşdırmağa və bu ziddiyyətlər arasındakı harmoniyanı kəşf etməyə dəvət olunurlar.
Eyni zamanda Azərbaycanın bu il ev sahibliyi edəcəyi “World Urban Forum 2026” çərçivəsində ön plana çıxan inklüziv şəhərlər, ictimai məkan, davamlılıq və birgə yaşayış prinsipləri də müsabiqənin tematik əsasını təşkil edir.
Layihə çərçivəsində Qazi Universitesinin Memarlıq fakültəsinin müəllim və tələbələri Bakı şəhərinə səfər edərək layihənin ilkin hazırlıq mərhələsində iştirak etmiş, şəhərin tarixi və mədəni mühiti ilə tanış olmuş, yaradıcı məqsədlərlə fotoşəkillər çəkmiş, Azerbaycan Memarlıq ve İnşaat Universitetində keçirilən görüşlərdə əməkdaşlıq istiqamətlərini müzakirə etmiş, həmçinin birgə seminarlar və sahə araşdırmaları aparmışlar.
İştirakçılar Bakı şəhərinin həyatını bu beynəlxalq şəhərsalma baxışı çərçivəsində bədii perspektivdən şərh edəcəklər.
Müsabiqədə tələbələrdən müasir şəhər inkişafı ilə tarixi mühitin vəhdətini, insan və məkan münasibətlərini, eləcə də mədəni müxtəlifliyi “ziddiyyətlər” və “uyum” mövzuları əsasında foto sənəti vasitəsilə ifadə etmələri gözlənilir.
Bu ilin may ayında müsabiqəyə təqdim olunan əsərlərin sərgisinin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.




