Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara özəl “Yüce okulları” ilə birgə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliğinə yönəlmiş layihə həyata keçirir.
Layihə çərçivəsində yanvar ayı Ankara məktəbdə Azərbaycana həsr olunub. Layihə “Qafqazın incisi – Qardaş Ölkə Azərbaycan” adı altında təşkil edilir.
Məktəbdən bildirilib ki, yanvar ayı qardaş ölkə Azərbaycana ithaf olunub və bu müddət ərzində qədim torpaqların sirləri, yerdən yüksələn əbədi odların hekayəsi, Bakının füsunkar gözəllikləri, Xəzər dənizi sahilində inci kimi parlayan paytaxt və Qafqazın incisi olan Azərbaycan şagirdlərlə bölüşüləcək.
Qeyd edək ki, tematik ay çərçivəsində eyni zamanda, Azərbaycan Mədəniyyət Mərkəzi məktəbdə milli mədəniyyətimizi və incəsənətimizi əks etdirən bir aylıq “Azərbaycan Stendi” təşkil edəcək. Proqrama Azərbaycan haqqında dərslər, video təqdimatlar, sənədli film və film nümayişləri, rəsm və foto sərgisi, məktəb kitabxanasına Azərbaycanla bağlı zəngin kitab kolleksiyasının hədiyyə edilməsi, Azərbaycan nağıllarının tanıdılması məqsədilə “Masal-Masal Türkiye: Türk Dünyası, Azərbaycan” mobil tətbiqinin təqdimatı, həmçinin Azərbaycan milli rəqslərindən ibarət konsert proqramı daxildir.
Bu ay ərzində şagirdlər müstəqil Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, tarixi abidələri, memarlıq nümunələri, turizm potensialı və əldə etdiyi mühüm nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazanacaqlar.



