Türkiyənin Antalya şəhərində keçirilən “Kültür Yolu” Festivalı çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.
Bu il noyabrın 3-də Türkiyənin Antalya şəhərində reallaşacaq “Kültür Yolu” Festivalı çərçivəsində azərbaycanlı sənətçilər Haşim İşcan Mədəniyyət Mərkəzində konsert proqramı ilə səhnə alacaqlar.
“Azərbaycan: Bənzərsiz Musiqi, Sehrli Rəqs” adlı konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu, Əlixan Səmədov, Teyyub Aslanov, Nəzakət Teymurova, Əməkdar artistlər Murad Adıgözəlzadə, Ceyla Seyidova, Elvin Qəniyev və digər sənətkarlar milli musiqilərimizi, Azərbaycan Dövlət Rəqs Ansamblı isə milli rəqslərimizi ifa edəcəklər.
Qeyd edək ki, bu il 3–5 noyabr tarixlərində Antalyada keçiriləcək “Azərbaycan Mədəniyyət Elçiləri Forumu”nda iştirak edəcək nümayəndə heyətinin üzvləri, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlı mədəniyyət xadimləri də konsert proqramında yer alacaqlar.




