XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi 1 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirildi.
Tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, ədəbiyyat nümayəndələri və xarici qonaqlar iştirak etdilər. Açılış mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu beynəlxalq miqyasda təşkil olunan bu sərginin Azərbaycanın mədəni potensialını, nəşriyyat sahəsinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrin möhkəmlənməsini göstərdiyini qeyd etdi. O, bu cür layihələrin gələcəkdə daha da geniş vüsət alacağına inandığını vurğuladı.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli çıxışında kitab sərgilərinin cəmiyyətin mədəni həyatında mühüm hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, bu cür tədbirlər yalnız yeni kitabların təqdimatı deyil, həm də oxu mədəniyyətinin inkişafı, oxu vərdişlərinin möhkəmlənməsi, elmi və ədəbi fikirlərin paylaşılması üçün geniş imkanlar yaradır. Akademik İsa Həbibbəyli bu sərgilərin milli və mənəvi dəyərlərimizin tanıdılmasına, dünya ədəbiyyatı ilə tanışlığa və Azərbaycanın zəngin elmi-mədəni irsinin təqdimatına xidmət etdiyini xüsusi vurğuladı.
Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərginin ölkədə kitab mədəniyyətinin inkişafındakı əhəmiyyətini qeyd etdi. O bildirdi ki, Bakı Beynəlxalq Kitab Sərgisi müəlliflərlə oxucular arasında körpü olmaqla yanaşı, yeni nəslin ədəbiyyata marağını artırır və milli ədəbi irsimizin təbliğinə töhfə verir. Nazir müavini vurğuladı ki, builki sərgidə 23 ölkədən (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) 68 xarici təşkilat, həmçinin 123 yerli nəşriyyat, mətbəə və kitab sənəti müəssisəsi iştirak edir.
Fərid Cəfərovun sözlərinə görə, 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu günədək ən çox xarici iştirakçıya sahib sərgi kimi tarixə düşəcək. İlk dəfə olaraq İspaniya, Küveyt və İndoneziya da sərgidə iştirak edir.
Sərgi çərçivəsində yeddi gün ərzində 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır. Sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzularda kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, oxu və musiqi saatları, həmçinin kitab sənayesi müəssisələri arasında əməkdaşlıq platformaları yer alacaq.
Tədbirdə müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri də iştirak ediblər. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində çap olunan kitablar, həmçinin digər layihələrin təqdimatı sərgi ziyarətçilərinə təqdim olunacaq. Bu, Azərbaycanın mədəniyyətini beynəlxalq miqyasda tanıtmaq, müxtəlif ölkələrdə reallaşdırılan layihələrin ictimaiyyətə çatdırılması və mədəniyyətlərarası əməkdaşlığın inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Bu il sərginin fəxri qonağı Qətər Dövlətidir. Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış alimlər, ədəbiyyatçılar və sənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılıb. Beynəlxalq Salon bölməsində Qətərin zəngin mədəni irsini, müasir ədəbiyyatını və sənət incilərini əks etdirən sərgi təqdim olunur. Bundan başqa, uşaqlar üçün xüsusi bölmədə interaktiv təqdimatlar, uşaq ədəbiyyatı nümunələri və azyaşlı ziyarətçilərə yönəlik mədəni proqramlar yer alacaq.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ