Türkiyənin Muğla şəhərində ənənəvi şəkildə keçirilən Muğla Yörük Türkmən Festivalında bu il Azərbaycan da fəxrlə təmsil olunub.
Muğla Böyükşəhər Bələdiyyəsinin və Muğla Valiliyinin dəstəyi, eləcə də Muğla Yörük Türkmən Dərnəyinin təşkilatçılığı ilə Menteşə bölgəsində yerləşən Düzeyn Yaylasında reallaşdırılan “16-cı Muğla Yörük Türkmən Düyünü” rəngarəng proqramı ilə həm yerli ictimaiyyətin, həm də müxtəlif ölkələrdən gələn qonaqların böyük marağına səbəb olub.
Festival çərçivəsində zəngin və çoxçeşidli mədəniyyət nümunələri təqdim olunub. Ənənəvi yeməklərin nümayişi, qədim əl sənətləri sərgiləri, musiqi və rəqs çıxışları, eləcə də Yörüklərin əsrlər boyu qoruyub saxladıqları həyat tərzi və adət-ənənələri haqqında maarifləndirici təqdimatlar tədbirin əsas hissəsini təşkil edib. Festival meydanında qurulan stendlər və interaktiv guşələr sayəsində iştirakçılar həm Yörük dünyası ilə yaxından tanış olublar, həm də bölgənin mədəni zənginliyini daha dərindən öyrəniblər.
Tədbirdə xarici nümayəndə heyətlərinin iştirakı da diqqət çəkib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov festivalda iştirak edərək Azərbaycan stendini ziyarət edib. Azərbaycan guşəsində milli sənət nümunələri, musiqi və mədəniyyətimizi əks etdirən materiallar qonaqlara təqdim olunub. Samir Abbasov, həmçinin açılış mərasimində və mədəni proqramda iştirak edərək, iki xalqı birləşdirən ortaq köklərin və mədəni dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Muğla Yörük Türkmən Festivalı yalnız bir əyləncə tədbiri deyil, həm də mədəniyyətlərin görüş yeri, xalqlar arasında dostluq və əməkdaşlıq körpüsünə çevrilib. Festivalın əsas məqsədi Yörük mədəniyyətinin və həyat tərzinin gələcək nəsillərə ötürülməsi, ənənələrin müasir dövrdə də yaşadılaraq qorunmasıdır. Bu baxımdan tədbir həm mədəni, həm də sosial baxımdan böyük önəm daşıyır.
Zəngin məzmunu və yüksək təşkilatçılığı ilə seçilən festival Muğla ictimaiyyətinin və qonaqların yaddaşında uzun müddət qalacaq, bölgənin mədəni turizminə də əhəmiyyətli töhfə verəcək.



