Ankara — 18 sentyabr 2025: Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, Gazi Universiteti və Ankara Musiqi və İncəsənət Universitetinin dəstəyi ilə “Müsəlman Şərqinin İlk Operasının Müəllifi, Azərbaycan–Türk Dünyası Musiqisinin Simvolu: Üzeyir Hacıbəyli” adlı təqdimat və konsert proqramı təşkil olunacaq. Tədbir Azərbaycan “Milli Musiqi Günü” münasibətilə Gazi Universitetinin Mimar Kemaləddin Konsert Salonunda saat 14:00-da keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olaraq hazırlanan “Azərbaycanlı Bəstəkarların Piano Əsərləri” kitabının təqdimatı keçiriləcək. Ankara Opera və Balet Teatrının pianoçusu azərbaycanlı Nailə Əhmədovanın tərtib etdiyi Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və digər tanınmış Azərbaycan bəstəkarlarının piano əsərləri toplanıb.
Konsertdə Ankara Opera və Balet Teatrının pianoçusu Nailə Əhmədova, Azərbaycanın Əməkdar İncəsənət xadimi, pianoçu İslam Manafov, opera müğənniləri Ömər Türkmenoğlu, Fidan Hüseynova və gənc virtuoz Əli Tuna Güney dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini ifa edəcəklər. Bundan əlavə, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs ansamblı bəstəkarın musiqiləri əsasında milli rəqsləri tamaşaçılara təqdim edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Ankara təşkil olunacaq konsert proqramı da bu möhtəşəm yubiley çərçivəsində keçirilən silsilə tədbirlərin bir hissəsidir.




