Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Erzurum Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər Dairəsinin rəisi Ergun Engin ilə görüş keçirmişdir.
Səmimi və işgüzar şəraitdə baş tutan görüşdə Azərbaycan ilə Türkiyə arasında, xüsusilə də Türkiyənin tarixi və mədəni dəyərləri ilə seçilən şəhərlərindən biri olan Erzurumla əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulamış, bu istiqamətdə həyata keçirilə biləcək ortaq layihələrin əhəmiyyətini qeyd etmişlər.
Müzakirələr zamanı milli mədəniyyətimizin və zəngin irsimizin Türkiyədə daha geniş tanıdılması, həmçinin ortaq türk dünyasının dəyərlərinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Bu kontekstdə, yaxın zamanlarda Erzurum şəhərində “Azərbaycan Mədəniyyət və İncəsənət Həftəsi”nin təşkili, Novruz bayramının ortaq ənənələr əsasında birgə qeyd olunması, muzeylər və kitabxanalar arasında əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuşdur.
Eyni zamanda, azərbaycanlı yazıçı və şairlərin əsərlərinin Türkiyə teatrlarında səhnələşdirilməsi, ədəbi və bədii irsin qarşılıqlı şəkildə təqdim olunması, iki xalqın mədəniyyət sahəsində daha da yaxınlaşmasına töhfə verəcək layihələrin həyata keçirilməsi də gündəlikdə duran məsələlərdən biri kimi qeyd edilmişdir.
Görüşün sonunda hər iki tərəf Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, xüsusilə də mədəniyyət və incəsənət sahəsində inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyini bəyan etmişlər.



