Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizi, tariximizi və ana dilimizi tanıtmaq məqsədilə davamlı layihələr həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Türkiyənin Qazi Universitetinin dəstəyi ilə həmin ali təhsil müəssisəsində “Azərbaycan türkcəsi Tədris Ocağı” təsis olunub.
30 may tarixində Ankarada keçirilən “Azərbaycan türkcəsi Tədris Ocağı”nın və Azərbaycan türkcəsi kurslarının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazi Universitetinin rektoru Uğur Ünal, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində “Azərbaycan türkcəsi Tədris Ocağı”nın rəmzi açılış lentinin kəsilməsi mərasimi keçirilib.
Tədbirin açılış çıxışını edən “Azərbaycan türkcəsi Tədris Ocağı”nın müəllimi Dr. Şəhla İbişova mərkəzin fəaliyyətindən bəhs edib və dərs vəsaitlərinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacağını bildirib.
Daha sonra çıxış edən Qazi Universitetinin rektoru professor Uğur Ünal Ankara ilə Bakı arasındakı dərin tarixi əlaqələrdən danışıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor, Azərbaycan dilinin Türkiyədə tədrisinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Ankarada belə bir tədris ocağının mövcudluğu çox önəmlidir. Rektorluq olaraq bu təşəbbüsü dəstəkləməyə davam edəcəyik”, – deyə rektor əlavə edib.
Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova “Azərbaycan türkcəsi Tədris Ocağı”nın iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə xidmət etdiyini qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov isə qardaş ölkədə ölkəmizin qədim tarixi və zəngin mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərdən danışıb.
O bildirib ki, “Azərbaycan türkcəsi Tədris Ocağı” Türkiyə ictimaiyyətinə mədəniyyətimizi və tariximizi daha yaxından tanımaq imkanı yaradacaq, bununla da iki dost və qardaş ölkə arasında yeni bir körpü qurulacaq.
Qazi Universitetində yaradılan yeni tədris müəssisəsində Azərbaycanla bağlı nəşrləri əhatə edən kitabxana formalaşdırılıb və bu fondan bütün gənclər yararlana biləcəklər.
“Azərbaycan türkcəsi dil kursları yalnız Qazi Universitetinin tələbələri üçün deyil, digər universitetlərin tələbələri və bu dilə maraq göstərən hər kəs üçün açıq olacaq”, – deyə Samir Abbasov əlavə edib.
Bildirilib ki, dərslərdə informasiya texnologiyalarından istifadə olunacaq, vizual-audio materiallar, film nümayişləri keçiriləcək və müasir interaktiv tədris metodları tətbiq ediləcək.
Tədris prosesi təcrübəli müəllim tərəfindən tamamilə ödənişsiz əsaslarla aparılacaq. Eyni zamanda kurs iştirakçılarının Azərbaycanın tanınmış ictimai və mədəniyyət xadimləri ilə görüşləri təşkil ediləcək, həmçinin ana dilimizdə Azərbaycanın tarixi nailiyyətləri və zəngin milli mədəniyyəti barədə müzakirələr keçiriləcək.
Gələcəkdə bu dərslərin daha da genişləndirilməsi, Azərbaycan türkcəsinin ali təhsil müəssisələrinin tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində işlər davam etdirilir.




