“Masal Masal Türkiye” mobil tətbiqinə “Türk Dünyası: Azərbaycan” bölməsinin əlavə olunması qərara alınıb

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Atatürk Kültür Mərkəzi arasında imzalanan əməkdaşlıq çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiye” (Nağıl, Nağıl Türkiyə) tətbiqinə “Türk Dünyası: Azərbaycan” adlı yeni bir bölmənin əlavə olunması qərara alınıb.
Yeni yaradılacaq bu bölmədə Azərbaycan xalq nağıllarının mətnləri, illüstrasiyaları və səsləndirilmiş versiyalarının həm Azərbaycan, həm də Türkiyə türkcəsində təqdim edilməsi nəzərdə tutulur. Layihə hazırlanarkən, Azərbaycan xalq nağılları üzrə nəşrlərdən, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunan “Azərbaycan Nağılları” kitabından əsas mənbə kimi istifadə olunacaq.
Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov ilə Türkiyə Atatürk Kültür Mərkəzinin rəhbəri, doktor Zeki Eraslan arasında ortaq əməkdaşlıq yol xəritəsi imzalanıb.
Qeyd olunmalıdır ki, “Masal Masal Türkiye” layihəsi vasitəsilə türk nağılları mobil telefonlar üzərindən nağılsevərlərə çatdırılır. Seçilmiş bəzi nağıllar əsasında cizgi filmləri çəkilərək tətbiqə əlavə edilir. Tətbiqdə İstanbul türkcəsi ilə yanaşı, Türkiyənin müxtəlif bölgələrinin dialektlərində təqdim olunan türk nağılları, dünyanın aparıcı səkkiz xarici dilində də mətn və səsləndirmə formatında uşaqlara və gənclərə təqdim olunur.
Layihənin nəticəsi olaraq, Azərbaycan xalq nağılları da “Masal, Masal Türkiye” (Nağıl, Nağıl Türkiyə) adı altında mobil telefonlar üçün nəzərdə tutulan bu proqramda yer alacaq və gələcəkdə həm Türkiyədə, həm də müxtəlif dünya dillərinə tərcümə olunaraq geniş auditoriyalara tanıdılacaq. Bu təşəbbüs, türk dünyasının ortaq mədəni irsinin yaşadılması və yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ