Türkiyədə yaşayan, Azərbaycanın Əməkdar Artisti Elvin Qəniyevə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Fəxri Fərman” təqdim edilib

Türkiyədə yaşayan, Azərbaycanın Əməkdar Artisti, istedadlı gənc skripkaçı Elvin Qəniyev Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Fəxri Fərman” ilə təltif olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, milli mədəniyyətimizin və musiqimizin Türkiyədə tanıdılması, mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Elvin Qəniyevi ziyarət edərək ona “Şərəf Mükafatı”nı təqdim edib.

Görüş zamanı Elvin Qəniyevin yaradıcılığı və milli mədəniyyətimizin təbliği istiqamətində onunla gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Sənətkar ailəsində dünyaya gələn Elvin Qəniyev 5 yaşında ikən məşhur musiqiçi, Azərbaycanın Xalq Artisti, professor Sərvər Qəniyevlə birlikdə skripka ifasına başlayıb. 6 yaşında Bilkənt Universitetinin xüsusi musiqi məktəbinə qəbul olunub və 7 yaşında tanınmış skripkaçı Viktor Pikayzen ilə birlikdə Antonio Vivaldinin iki skripka və orkestr üçün konsertini səsləndirmək üçün dəvət alıb. Elvin Qəniyev eyni zamanda dünyaca məşhur skripka ustası, professor Zaxar Bronun tələbəsidir.

Görüş zamanı Elvin Qəniyev Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna yaradıcılıq yolunda ona göstərdikləri xüsusi dəstəyə görə təşəkkürünü bildirib və gələcəkdə də milli musiqimizin tanıdılmasına töhfə verməyə davam edəcəyini qeyd edib.

Görüşdə Elvin Qəniyevin valideynləri – pianoçu Narmina Qəniyeva və violonçel ifaçısı Xeyrəddin Xoca da iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ