Azərbaycan Mədəniyyət Mərkəzi

Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı

Dünyada hər bir xalq öz mədəniyyəti və incəsənəti ilə tanınır. Azərbaycanın bütün sənət inciləri və mədəni dəyərləri kimi milli rəqslər də əvəzolunmaz və unikaldır.
Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini, incəsənətini nümayiş etdirən rəqslərimiz mədəniyyətimizin simvoluna çevrilib.
Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladığı ilk günlərdən qardaş ölkədə milli mədəniyyətimizin təbliği istiqamətində layihələr həyata keçirir və milli rəqslərimizin daha professional öyrədilməsi, tanıdılması istiqamətində işlər aparılır.
Azərbaycan Mədəniyyət Mərkəzi bu məqsədlə Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı və milli mədəniyyətimizə mühüm töhfələr verən “Zəngəzur” tarixi yurd yerinin adına Rəqsləri Ansamblı təsis etmişdir.
11 yanvar 2025-ci il tarixində Ankaradakı Gənclik Parkı Mədəniyyət və Konqres Mərkəzində keçirilən “Azərbaycan rüzgarı” proqramında Azərbaycan Mədəniyyət Mərkəzi açıqlama verdi. Elanda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində yaradılan Rəqs Qrupunun adının Yallı, Ağbaba rəqsimiz və halaylarımız kimi rəqslərimizin vətəni, Türk dünyasının Türkiyədən şərqə açılan qapısı, Azərbaycan türklərinin min il ərzində böyük mədəniyyət yaratdığı, milli mədəniyyətimizin Şərqi Zangəzur və Qarabağa qayıdışının rəmzi olan Zəngəzur bölgəsinin adının verildiyi qeyd olundu.
Yeni təsis olunmuş Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin paytaxtı Ankara ilə yanaşı, regionlarda keçirilən çoxsaylı Azərbaycan mədəniyyəti və sənətinə həsr olunmuş tədbirlərdə, habelə beynəlxalq mədəniyyət festivallarında, müsabiqələrdə çıxış edir, onların ifaları iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanır, milli mədəniyyətimiz geniş təbliğ olunur.
Bugün Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblının 20-ə yaxın üzvü vardır, Rəqs Ansamblının bədii rəhbəri, solist, uzun illər Türkiyədə milli rəqslərimizi uğurla təbliğ edən Gülçöhrə Sibel Sangudur.
Sizlərə Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblının çıxışlarını təqdim edirik:

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları

Azərbaycan musiqisi

Tarixi abidələr