Azərbaycan Mədəniyyət Mərkəzi

“BİR MİLLƏT, İKİ DÖVLƏT”

Azərbaycan-Türkiyə münasibətləri: Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan-Türkiyə əlaqələrinin böyük tarixi vardır. Ortaq dil, din, mədəniyyət, soykök, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1915-1916-cı illərdə on minlərlə Azərbaycan türkünün qardaş Türkiyənin istiqlaliyyəti uğrunda savaşlara qatılması, şəhid olması, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi, 44 günlük Vətən savaşında qardaş Türkiyənin mənəvi dəstəyi, Türkiyədə zəlzələlər, meşə yanğınlarında Azərbaycanın qardaş ölkənin yanında olması və başqa hadisələr bu qardaşlıq münasibətlərinin necə dərin və möhkəm bağlara əsaslandığını sübut edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
Azərbaycan da öz növbəsində Türkiyə tarixinin çətin dövründə – Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilə zamanı qardaş xalqa maddi və mənəvi yardım göstərmişdir.
Sovetlər Birliyi dağıldıqdan sonra öz müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini tanımış ilk dövlət məhz qardaş Türkiyə Respublikası olub.
1992-ci ilin yanvarından isə ölkələrimiz arasında diplomatik münasibətlərin təməli qoyulub və həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə – 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin hazırda Azərbaycanın digər böyük şəhərlərindən Gəncədə və Naxçıvanda da baş konsulluqları fəaliyyətdədir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyur.
Ölkələrimizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun inkişafında həlledici rol oynayır.
İki ölkə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də ölkə rəhbərlərinin seçkilərdən sonra etdikləri səfərlərdir. Türkiyə rəhbərliyi seçkilərdən sonra ilk rəsmi səfərlərini Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə edir. Dövlət başçılarının ilk rəsmi səfərlərini məhz qardaş ölkəyə etməsi bir daha təsdiqləyir ki, bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.
Azərbaycan və Türkiyənin beynəlxalq və regional təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyəti, bir-birinə qarşılıqlı dəstəyi parlaq bir örnəkdir.
Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən birinə çevrilib.
Əlbəttə, hazırda bütün dünyaya nümunə olan Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyəyə gəlib çatmasında ortaq tarixi köklərin, iqtisadi əlaqələrin, dövlət maraqlarının, gələcəyə birgə baxışın təsiri də əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri bu əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir.
Azərbaycan və Türkiyə liderlərinin bir-birinə olan güvən və etibarı, regiona, ümumən dünyaya sülh və rifah arzusu ölkələrimiz arasındakı münasibətləri hər kəs üçün örnək səviyyəyə yetirib.
Bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Ulu Öndər Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan–Türkiyə əməkdaşlığı bu gün də hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə qədəm qoyub.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə- Azərbaycan əlaqələri, eyni zamanda, bütün Türk dünyası üçün də mühüm rol oynayır.”

Azərbaycan klassik irsi

Azərbaycan xalçaları