Azərbaycan Mədəniyyət Mərkəzi

Türkiyədə “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə yaşamış tanınmış azərbaycanlıların irsinin tədqiqi, təbliği, onların adlarının əbədiləşdirilməsi məqsədi ilə tədbirlər, layihələr reallaşdırılır.

“Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrının fəaliyyətə başlaması

2025-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin İğdır şəhərində “Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı yaradılıb.
Layihənin əsas məqsədi Azərbaycan–Türkiyə mədəni əlaqələrini daha da genişləndirmək, milli mədəniyyətimizi Türkiyədə təbliğ etmək, iki qardaş xalqın ortaq dəyərlərini gənc nəsillərə çatdırmaq və teatr sənəti vasitəsilə mədəni əlaqələri gücləndirməkdir. Eyni zamanda “Bir millət – iki dövlət” ideyasının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsinə yüksəldilməsində və Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsindəki tarixi rolunu, Türk dünyasının ortaq dəyərlərini, mədəniyyətini, teatr ənənələrini tanıtmaqdır.
“Bir millət – iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı öz repertuarında Azərbaycan–Türkiyə qardaşlığını, ortaq tariximizi və milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərə, həmçinin Azərbaycan və Türkiyə müəlliflərinin yaradıcılığına geniş yer verəcək.

Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində daxili küçəyə Üzeyir Hacıbəylinin adının  verilməsi

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin irsinin təbliği istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan
Mədəniyyət Mərkəzi ilə Ankara Musiqi və Gözəl Sənətlər Universiteti arasında həyata keçirilən layihə nəticəsində Universitetin ərazisindəki daxili küçələrindən birinə Üzeyir Hacıbəylinin adı verilmiş, Universitetin kitabxanasına Azərbaycan musiqisi və mədəniyyətinə dair 500-dən artıq kitab hədiyyə olunaraq burada xüsusi “Azərbaycan bölümü” yaradılmışdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2025-ci ildə “Azerbaycanlı bestecilerden piyano eserleri” kitabı nəşr edilib, Ankarada Qazi Universitetində nəşrin geniş təqdimatı keçirilib.

Azərbaycan və Türkiyənin ictimai xadimi, yazar, hüquqşünas Əhməd Bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi

2024-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihəyə start verib. İlk layihə olaraq, Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin, habelə azərbaycanlıların qardaş Türkiyənin rifahı, ictimai və mədəni həyatına verdiyi töhfələri nəzərə alaraq, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə Cümhuriyyətinin qurucularından olan, Türkiyə Böyük Millət Məclisinin 2-ci və 3-cü çağırış millət vəkili Əhməd Bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliği həyata keçirilib. Əhməd Bəy Ağaoğlunun qurucusu olduğu Ankara Universitetinin Hüquq Fakültəsi binasının qarşısına onun barelyefinin vurulması həyata keçirilib.

Qeyd edək ki, xatirə löhvəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycanın tanınmış heykəltaraşı, ölkəmizdə və xaricdə hazırlanan çoxsaylı heykəllərin müəllifi Əlisəfa Əsgərov tərəfindən hazırlanıb.

Universitetinin Hüquq fakültəsində mövcud Əhməd bəy Ağaoğlu Aiditoriyasının Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tərtibat və yenidənqurmadan sonra açılışı reallaşdırılıb. Aiditoriya alimin yaradıcılığı haqqında məlumat guşəsi, habelə onunla bağlı nəşrlərin yer aldığı stend qurulub.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əhməd Bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan xatirələrinin, memuarlarının toplanılmış, onların əsasında nəşr layihəsi reallaşdırılmaqdadır. Layihə çərçivəsində ədibin, indiyədək araşdırılmayan və nəşr olunmayan elmi-ədəbi məqalələr, xatirələr, memuarlar, gündəlik qeydlər, onun haqqında müsahibələr, habelə tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında nəşr hazırlanmışdır. “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” adlı kitab Türkiyə türkcəsində 2026-cı ildə Ankarada nəşr edilmişdir.

Kitabı nəşrə hazırlayan azərbaycanlı tarixçi-araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməddir. Kitabda ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında ədibin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə yer verilmişdir.

Mediada “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi

Azərbaycan Mədəniyyət Mərkəzi, “Ulusal TV” kanalı ilə birgə layihəsi çərçivəsində Türkiyədə Azərbaycan mədəniyyəti, ortaq dəyərlərimizin tanıdılması sahəsində çalışan önəmli sənət adamları, onların həyat və yaradıcılıq yolları,  milli mədəniyyətimizin təbliği, iki ölkə arasında dostluq münasibətlərinə töhfələri və sənət fəaliyyətlərinə dair “Dostluq Karvanı” adlı televiziya proqramını reallaşdırır.

Aparıcısı Arzu Əliyeva olan “Dostluq Karvanı” verilişində qonaqlar Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr, milli mədəniyyətimizin tanıdılması, gələcək nəsillərə ötürülməsi, iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mədəniyyətin xüsusi rolü işıqlandırılır.

Ankara Opera və Bale Teatrında türk sənətçilər tərəfindən “Arşın mal alan” operettasının səhnələşdirilməsi

Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi ilə ortaq layihəsi nəticəsində 2026-cı il 26 mart tarixində Ankarada Atatürk Kültür ve Sanat Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası səhnəyə qoyulub. Tamaşada baş rolları Əsgər – Şənol Talınlı, Gülçöhrə – Esin Talınlı, Asya – Olça Bora, Süleyman – Serkan Kocadere, Əsgərin xalası – Sibel Kızıltaş, Soltan bəy – Mehmet Yılmaz, Telli – Ayten Hanalioğlu və Vəli – İbrahim Halil Turgut canlandırıblar.

Yüksək səviyyəli səhnə tərtibatı, dekorasiya, aktyorların Azərbaycan və Türkiyə türkcəsindən birgə istifadə edərək canlandırdıqları obrazlar və musiqi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Masal Masal Türkiye” mobil tətbiqinə “Türk Dünyası: Azərbaycan” bölməsinin yaradılması

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Atatürk Kültür Mərkəzi arasında imzalanan əməkdaşlıq çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiye” (Nağıl, Nağıl Türkiyə) tətbiqinə “Türk Dünyası: Azərbaycan” adlı yeni bir bölmə yaradılıb. Yeni yaradılan bu bölmədə Azərbaycan xalq nağıllarının mətnləri, illüstrasiyaları və səsləndirilmiş versiyalarının həm Azərbaycan, həm də Türkiyə türkcəsində təqdim edilməsi həyata keçirilib. Layihə hazırlanarkən, Azərbaycan xalq nağılları üzrə nəşrlərdən, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunan “Azərbaycan Nağılları” kitabından əsas mənbə kimi istifadə olunub.
“Masal Masal Türkiye” layihəsi vasitəsilə türk nağılları mobil telefonlar üzərindən nağılsevərlərə çatdırılır. Layihənin nəticəsi olaraq, 30-dan çox Azərbaycan xalq nağılları da “Masal, Masal Türkiye” (Nağıl, Nağıl Türkiyə) adı altında mobil telefonlar üçün nəzərdə tutulan bu proqramda yer alıb. Gələcəkdə həm Türkiyədə, həm də müxtəlif dünya dillərinə tərcümə olunaraq geniş auditoriyalara tanıdılacaq. Bu təşəbbüs, türk dünyasının ortaq mədəni irsinin yaşadılması və yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Antalya Oyuncaq Muzeyində Azərbaycan mədəniyyətini tanıdan guşənin açılışı

2026-cı ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya Oyuncaq Muzeyində daimi “Azərbaycan guşəsi” yaradılmışdır.

Türkiyənin Antalya şəhərinin Kaleiçi Yaxt Limanı ərazisində yerləşən əyləncəli və nostaljik Muzeydə ziyarətçilərə həm ənənəvi oyuncaqlar, həm də müxtəlif mədəniyyətlərə aid artefaktlar ilə xoş və unikal bir təcrübə təqdim edilir.
Sərgilər cizgi filmləri və populyar nağıl qəhrəmanları personajlarının maketləri, heykəlləri, fiqurları ilə zənginləşdirilib.
Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi”ndə Azərbaycan nağıl qəhrəmanları – Tık Tık xanım, Göyçək Fatma, Cırtdan, Qarı nənə, Məlikməmməd kimi personajların maket kuklaları, uçan xalça, habelə xalça toxuyan Azərbaycan xanımı və başqa maraqlı oyuncaqlar, maketlər yer alır.

Azərbaycan klassik irsi

Dəstəkçilərimiz

Azərbaycan xalçaları